Açıqlama
f.f.d Anar Qurbanov , Dini Məsələlər
Haqqında: İslam dini Uca Allahın ilk vəhyi olan “Oxu!” əmri ilə savadsızlıq və cahilliklə mübarizə aparmağa başlamışdır. Uca Allahın bu əmri həm dini, həm də dünyəvi elmləri əhatə edir. Qurani-Kərimin ayələrində və Həzrət Peyğəmbərin (s.ə.s) hədisi-şəriflərində həm elm və hikmət, həm də alimlər və hikmət sahibləri mədh edilmişdir. Odur ki, İslam dini elmə və təhsilə böyük əhəmiyyət vermişdir.
Həzrət Peyğəmbərin (s.ə.s) vəfatından sonra səhabələrin qarşılaşdıqları yeni məsələlər və hadisələr onları yeni ictihadlar ortaya qoymağa sövq etmiş və bunun nəticəsində müctəhid səhabələr tərəfindən çoxlu sayda fitvalar verilmişdir. Zəmanəmizdə isə, xüsusilə, texnoloji, tibbi və iqtisadi sahələrdə inkişaf sürətlə davam etdiyi üçün ictihada daha çox ehtiyac duyulur və müasir İslam alimləri bəzən birgə, əksər hallarda isə fərdi olaraq sözügedən aktual məsələlərlə bağlı fitvalar verirlər.