Açıqlama

Hidayət rəhbərimiz Qurani-Kərimi daha yaxından tanıyıb məzmununu dərk etmək üçün Onun nə olduğunu, kimə, nə şəkildə endiyini və hansı xüsusiyyətlərə malik olduğunu bilməliyik.

Eyni zamanda Quranı yanlış tanıdan pis niyyətli insanların təbliğatından qorunmaq üçün də bu, son dərəcə əhəmiyyət daşıyır. Doğrunun nə olduğunu bilməyən bir insanın yanlış yola düşmə ehtimalı böyük olduğu qədər, o yanlışlar arasında doğrunu tapa bilməsi də çox çətindir. Qurani-Kərimi gücümüz nisbətində tanıdıqdan sonra ona qarşı vəzifələrimizi öyrənməliyik. Ona qarşı olan ən birinci vəzifəmiz onu digər insanlara təbliğ edib tanıtmaqdır.

Qurani-Kərim nazil olduğu gündən indiyə qədər ona inananların həyatlarında öz əksini taparaq böyük bir mədəniyyətin təməli olmuşdur. Odur ki, bu əsər böyük islam mədəniyyətinin mənbəyi olan Qurani-Kərimi bir nəbzə də olsa tanıtmaq və insanları onu gözəl şəkildə oxuyub anlamağa təşviq etmək üçün hazırlanmışdır.